Bakıdakı Rus evində İlham Bədəlbəylinin kitablarının təqdimatı olacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakıdakı Rus evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, naşir və ictimai xadim İlham Bədəlbəylinin şeir və nəsr kitablarının təqdimatı olacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimatda qonaqlar İlham Bədəlbəylinin həm son illərdə, həm də əvvəlki nəşrlərdən seçilmiş şeirləri, nəsr və dram əsərləri ilə tanış olacaqlar. Gecə pianoçu, Bakı Dövlət Universitetinin tələbəsi Murad Muradovun musiqi əsərləri ilə müşayiət olunacaq.
İlham Bədəlbəylinin dram əsərləri gerçəkliyi daha yaxşı, daha insani etmək üçün fəlsəfi anlayışlarla səciyyələnir. O, “Dənizdəki adalar” toplusuna görə N.Ostrovski adına mükafata layiq görülüb. “Xudojestvennaya literatura” və “Raduqa” nəşriyyatlarında redaktor vəzifəsində çalışan Bədəlbəyli, həmçinin Nizami Gəncəvi, Səməd Vurğun, Mirzə İbrahimov, Mixaylo Stelmaxın əsərlər toplusunu, Rəsul Rza, Nəbi Xəzri, Osman Sarıvəlli, Fikrət Qoca, Nazim Hikmətin ikicildlik və bircildlik nəşrlərini, müxtəlif antologiyaları və almanaxları buraxılışa hazırlayıb. O, Moskvada “Ocaq” Azərbaycan mədəniyyəti Cəmiyyətinin təsisçisi və yaradıcılarından biri, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurası Rəyasət Heyətinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. İlham Bədəlbəyli, habelə Rəsul Rza adına və “Humay” milli mükafatları laureatıdır.
Tədbir 18:30-da başlayacaq, giriş sərbəstdir.