MƏDƏNİYYƏT
Bakıdakı Rus evində “Pleybek teatr” formatında qeyri-adi tədbir keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
Bakıdakı Rus evində “Pleybek-teatr” adlı maraqlı və qeyri-adi tədbir təşkil olunub. Tədbir Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən keçirilib.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pleybek-teatr tamaşaçıların öz hekayələrini təqdim etdikləri, aktyorların isə onları dərhal səhnədə canlandırdıqları teatr tamaşası formatıdır. Beləliklə, hər bir tamaşaçı bu səhnənin iştirakçısına, hər bir hekayə isə onun süjet xəttinə çevrilə bilər.
Bu teatrda hər bir tamaşa izləyicilərin gözləri önündə yaranır və bir daha təkrar olunmur. Zalda əyləşənlərdən hər biri hər hansı bir hadisəni nəql edir, həmin hadisə isə dərhal səhnədə canlandırılır. Bu, hər hansı hadisədən irəli gələn müəyyən təəssürat, yaxud insanın hafizəsində qalan və rahatlıq verməyən bir vəziyyət də ola bilər. Aktyorlar isə süjeti tam dəqiqliklə canlandırmırlar, həmin süjetdə gördüklərini nümayiş etdirirlər.
Bu, klassik mənada teatr demək deyil. Heç psixoterapiya da deyil, halbuki ona bənzər effekt verə bilər. Bu formatda hər bir tamaşaçı həmin teatr tamaşasının həmmüəllifi və qəhrəmanı ola, özünə, necə deyərlər, kənardan baxa və hər kəslə birlikdə bu katarsisi canlı şəkildə yaşaya bilər.