BAKININ RAYONLARINDA XEYRİYYƏ TƏDBİRLƏRİ DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Qurban bayramının ikinci günü Biləcəri və Binəqədi bələdiyyələri aztəminatlı ailələrə bayram payı paylamışlar.
Müqəddəs bayram Nizami rayonunda da yüksək səviyyədə qeyd olunmuşdur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gözəl ənənəyə sadiq qalaraq, rayon ictimaiyyəti bayramın qeyd olunmasına ağac əkməklə başlamışdır. Sonra ehtiyacı olan ailələrə Azərbaycan Prezidenti adından yardım edilmiş, qurbanlar kəsilmişdir.
Təzəcə əsaslı təmir olunmuş 1 nömrəli uşaq evinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə xeyriyyə yardımı edilmiş, uşaqlara Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xoş arzuları çatdırılmışdır.
Müqəddəs bayram günü Keşlə qəsəbəsində Heydər Əliyevin əziz xatirəsi anılmış, ulu öndərin ruhuna dualar oxunmuşdur.
Xətai rayonunda da Qurban bayramına mütəşəkkil hazırlaşmışlar. 4 nömrəli vərəm dispanserinə, qadın islah-əmək koloniyasına, Gözdən Əlillər Cəmiyyətinə və aztəminatlı ailələrə qurban əti paylanmışdır.