“BAKİNSKİ RABOÇİ” QƏZETİNİN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Mərasimdə çoxsaylı qonaqlarla yanaşı, qəzetin keçmiş əməkdaşları da dəvət olunmuşdular. Qonaqlar arasında 27 il həmin qəzetdə çalışmış, İkinci Dünya müharibəsində Berlinədək döyüş yolu keçmiş həmyerlimiz, tanınmış jurnalist İsak Xanukovun nəvəsi Sergey Manukov da iştirak edirdi.
Baş redaktor Ağabəy Əsgərov keçmiş Sovetlər İttifaqı məkanında ən qocaman qəzetin Azərbaycan mətbuatı tarixindəki rolundan danışmışdır. O bildirmişdir ki, istər çar Rusiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti, istər Sovet Azərbaycanı dövründə, istərsə də indi - bugünkü müstəqillik illərində “Bakinski raboçi” qəzeti öz dəst-xətti, mövqeyi ilə seçilmişdir və seçilir. Ölkəmizdə rusdilli mətbuatın ən bariz nümunələrindən olan bu qəzet Azərbaycanı həm də xaricdə həmişə ləyaqətlə təbliğ etmişdir. Baş redaktor müəyyən dövrdə çətinliklərlə üzləşən bu mətbu orqanın ölkəmizin müstəqilliyinin ilk illərində nəşrini yenidən bərpa etməsində ulu öndər Heydər Əliyevin xidmətini xüsusi vurğulamışdır.
Prezidentin İcra Aparatı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin “Bakinski raboçi” qəzetinin kollektivinə təbrik məktubunu, qəzetin bir qrup əməkdaşının “Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülməsi, qəzetə maliyyə yardımı göstərilməsi haqqında imzaladığı sərəncamları mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin yaradıcı kollektivi təbrik etmiş və bu gün qəzetin zamanın tələblərinə uyğun olaraq öz işini yenidən qurduğunu, mövzu dairəsini genişləndirdiyini, məqsəd və vəzifələrini, fəaliyyət prinsiplərini yeniləşdirdiyini xüsusi vurğulamışdır.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanov, İsrailin ölkəmizdəki səfirliyinin təmsilçisi Mixail Barkan, Milli Məclisin deputatları - yazıçı-publisist Elmira Axundova, Rus icmasının sədri Mixail Zabelin, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və başqaları “Bakinski raboçi” qəzetinin kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmiş, Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, milli mətbuatımızın mütərəqqi ənənələrinin müasir şəraitdə layiqincə davam etdirilməsində yeni-yeni uğurlar arzulamışlar.
Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.