“BAKUTEL-2005” SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ XƏZƏR BEYNƏLXALQİNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARIKONFRANSI KEÇİRİLMİŞDİR
Konfransı açan və onun işinə uğurlar arzulayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həm beynəlxalq sərginin, həm də konfransın Azərbaycanın rabitə sahəsindəki uğurlarının, əldə olunmuş təcrübənin, yeni texnologiyaların və layihələrin xarici şirkətlərə və mütəxəssislərə çatdırılmasına, imkanlarımızı üzə çıxarmağa əlverişli şərait yaratdığını vurğulamışdır. Nazir video-konfrans vasitəsilə ABŞ konqresmeni Kurt Ueldon ilə əlaqə yaratmış, ona konfransın işi və ümumiyyətlə, son dövrlər respublikamızda İKT sahəsində yeniliklər haqqında məlumat vermişdir. Ə.Abbasov və K.Ueldon birgə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova respublikalarının daxil olduğu “Smart Region” layihəsini müzakirə etmişlər.
Azərbaycandan və xaricdən 300-dək nümayəndənin qatıldığı konfransda 50-yə yaxın təqdimat olmuşdur. İştirakçılar İKT sahəsinin hazırda ən vacib problemlərindən, o cümlədən elektron hökumət, elektron təhsil və texnoparkların yaradılması, İKT-yə nəzarət və vahid informasiya təhlükəsizliyi mərkəzinin yaradılması məsələlərindən danışmışlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Milli Bankın, MSK nəzdində İnformasiya Mərkəzinin əməkdaşları çıxışlarında konkret olaraq Azərbaycanda elektron hökumətin qurulmasında, onun hüquqi dövlətin yaradılmasında və hökumət qurumlarında şəffaflığın təmin olunmasında, şəbəkənin modernləşdirilməsində böyük rolunu xüsusi vurğulamış, ixtisasalı kadrların hazırlanmasından, kompüter istehsalından, rabitənin və İKT-nin inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramından danışmışlar.
Tədbirdə iştirak edən təhsil ocaqlarının nümayəndələri Azərbaycanda elektron və məsafədən təhsil sistemlərinin yaradılması, Azərbaycan elminin inkişafında qloballaşmanın və informasiya texnologiyalarının rolu məsələlərinə toxunmuşlar.
Konfransda Prezidentin İcra Aparatının informasiya resursları və texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə iştirak etmişdirİkigünlük tədbir oktyabrın 28-də işini başa çatdıracaqdır.