Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ekoloji layihə həyata keçiriblər
Balakən, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzində fəaliyyət göstərən “Eko klub”un üzvləri “Quşlar evsiz qalmasın” adlı yeni ekoloji layihə həyata keçiriblər.
Mərkəzin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində klubun gənc könüllüləri quşların qorunub saxlanması və mühafizəsi məqsədilə quş yuvaları düzəldərək Balakən şəhərindəki Heydər Parkında ağaclardan asıblar.
Layihənin əsas məqsədi insanlarla ətraf mühit arasında sağlam əlaqə yaratmaq, ətraf aləmi müxtəlif quş növləri ilə daha da zənginləşdirmək, cəmiyyətin üzvlərinin diqqətini bitki və heyvanat aləminin qorunmasına yönəltməkdir.
Direktor qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması ilə əlaqədar belə tədbirlər davamlı xarakter daşıyır.