Balakəndə aşağı seçki komissiyalarının 264 üzvü səsvermə günü prosedurları barədə maarifləndirilib
Balakən, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Yanvarın 22-də 110 saylı Balakən seçki dairəsinin dairə seçki komissiyasında növbədənkənar prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün təşkil edilən maarifləndirici seminar-treninqlər başa çatıb.
Dairə seçki komissiyasının sədri Vahid Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanvarın 17-də başlayan və 4 gün davam edən treninqlərdə dairənin 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü iştirak edib. Treninqlərdə müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməklə iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, seçki bülletenlərinin təsnifatı, yekun protokolun doldurulması və digər məsələlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar izah olunub.
Məşğələlər Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan treninq kursunda iştirak etmiş Valeh Ocaqverdiyev və Rəcəb Ustayev tərəfindən aparılıb. Treninqlər məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyıb.