REGİONLAR
BALAKƏNDƏ FERMERLƏRƏ MİKROKREDİTLƏR VERİLİR
Balakən rayonunda yeni fəaliyyətə başlayan «Balakən» kredit ittifaqının 59 üzvünün hər birinə 900 ABŞ dolları məbləğində ilk kreditlər verilmişdir. Dünya Bankının maliyyə dəstəyi ilə «Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi» layihəsinə uyğun olaraq həyata keçirilən bu tədbir yeni fəaliyyətə başlayan fermerlərə heyvandarlıq, əkinçilik və bitkiçilik üzrə şəxsi təsərrüfatlarının yaradılmasına kömək məqsədi daşıyır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin layihə çərçivəsində bu il Balakəndə birgəborclular qruplarında birləşmiş daha 50 fermerə mikrokreditlərin verilməsi təmin olunmuşdur. Ötən il rayonda bu proqrama uyğun olaraq 347 fermer 104 min ABŞ dolları məbləğində mikrokredit almışdır.