Balakənin mədəniyyət işçiləri şəhid ailələrinə və qazilərə baş çəkiblər
Balakən, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, döyüşlər zamanı yaralanan qazilər, eləcə də müharibə iştirakçıları ölkənin hər yerində olduğu kimi, Balakən rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayonun mədəniyyət işçiləri də mütəmadi olaraq şəhid ailələrini, qaziləri evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi Şəfəq Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən şəhidlərin ailə üzvləri və Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi artıq ənənə halını alıb. Ənənəyə sadiq qalaraq, mədəniyyət işçiləri Novruz bayramı günlərində də torpaqlarımızın azad olunması uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının ailələrini, həmçinin qaziləri evlərində ziyarət edib, onlara bayram sovqatı çatdırıb, gündəlik qayğıları ilə maraqlanıb, mənəvi dəstək olublar.
Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.
Şəhidlərin ailə üzvləri və qazilər dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.