Baş konsul: Qars və İğdırda Azərbaycan Ticarət evlərinin açılması imkanları nəzərdən keçirilir
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Türkiyənin İğdır, Qars, Ardahan, Ərzurum və Ağrı vilayətləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes forumlarının və iş adamlarımızın qarşılıqlı səfərlərinin təşkili prioritet məsələlərdən biri olmalıdır. Kənd təsərrüfatı, heyvandarlıq, logistika, turizm daxil olmaqla, iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq daha da artırılmalıdır və bunun üçün geniş imkanlar mövcuddur. Turizm üçün çox əlverişli mühit var, turistlərin qarşılıqlı səfərləri iki ölkənin qeyd olunan bölgələri arasında məlumatlılığı daha da artıracaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev Naxçıvanda keçirilən II Azərbaycan-Türkiyə regional iqtisadi forumunda çıxışı zamanı deyib.
Baş konsul bildirib ki, Qars və İğdırda Azərbaycan Ticarət evlərinin açılması imkanları nəzərdən keçirilir. Yaxın zamanlarda bu ticarət evləri qurulacaq. "Azərbaycan dövləti tərəfindən güzəştlər nəzərdə tutulan Naxçıvan və Qarabağda mövcud və yaradılacaq sənaye parklarına Türkiyədən iş adamlarının cəlb edilməsi də faydalı olar. Qarsdan olan iş adamları yaxın günlərdə Azərbaycanın Qarabağ bölgəsinə ticarət missiyası həyata keçirəcəklər. 2025-ci ilin iyun ayında İğdırdan olan iş adamları Qarabağa səfər ediblər. Düşünürəm ki, bu ənənəni Ardahan, Ərzurum və Ağrı vilayətləri ilə də davam etdirmək mümkündür"- deyə Zamin Əliyev əlavə edib.