BAŞ NAZİRİN MÜAVİNİ, DÖVLƏTQAÇQINKOMUN SƏDRİ ƏLİ HƏSƏNOV MƏCBURİ KÖÇKÜNLƏRİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Çıxış edənlər 1500-ə yaxın məcburi köçkünün həmin ərazidə ev tikib məskunlaşdığını diqqətə çatdırmış, bildirmişlər ki, son zamanlar Yasamal Rayon İcra Hakimiyyətinin, digər qurumların nümayəndələri, o cümlədən polis əməkdaşları tikililəri dağıdır, onları buradan köçürməyə çalışırlar.
Məcburi köçkünlərin Azərbaycan qanunlarına dönmədən əməl etdiklərini, ölkəmizin başçısının ətrafında sıx birləşdiklərini söyləyən natiqlər doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızın 1998-ci ilə qədər məskunlaşdıqları torpaq sahəsindən və binalardan çıxarılmaması barədə ümummilli liderimiz Heydər Əliyevin müvafiq göstərişini xatırlatmışlar. Onların dediyinə görə, bəzi qüvvələr məcburi köçkünləri dövlətdən incik salmağa çalışırlar. Lakin bu, baş tutmayacaqdır. Problem qanun çərçivəsində, ədalətlə həll ediləcək, Respublika Prokurorluğunun araşdırmaları isə əsil günahkarları üzə çıxaracaq və onlar layiqli cəzalarını alacaqlar. Məcburi köçkünlər müxalifət mətbuatının problemin mahiyyətinə varmadan zahiri əlamətlərə görə məsələni şişirtməsindən narahatlıqlarını bildirmişlər.
Əli Həsənov çıxışları dinlədikdən sonra məcburi köçkünlərə demişdir ki, siz dövlətin himayəsindəsiniz. Bu gün dövlətin qanunları işləyir və heç kimin onları pozmağa ixtiyarı yoxdur. Dövlət hər bir vətəndaşının hüquqlarını təmin edir. Məsələ araşdırılır. Əlbəttə, vaxtilə qanunun pozulmasına şərait yaratmış adamlar bu gün narahatdır, onlar müxtəlif vasitələrlə öz əməllərini ört-basdır etmək istəyirlər.
Baş nazirin müavini tövsiyə etmişdir ki, məcburi köçkünlər heç bir fitnəkarlığa uymasınlar, qayda-qanunu gözləsinlər. O, əmin olduğunu bildirmişdir ki, məsələ qanun çərçivəsində araşdırılaraq öz həllini tapacaqdır. Fitnəkarlar istədiklərinə nail ola bilməyəcəklər. Məcburi köçkünlər onlardan vasitə kimi istifadə olunmasına yol verməyəcəklər.