Baş Prokurorluq yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə müraciət edib
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayının artması ilə əlaqədar əhaliyə müraciət edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir. Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır.
İnsanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar.