Başlıbel qətliamı dünya ictimaiyyətinə çatdırılmalı, cinayətkarlar cəzalandırılmalıdır
Gəncə, 19 aprel, AZƏRTAC
Kəlbəcər Rayon İcra Hakimiyyətinin və “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliama həsr olunan “Başlıbel qətliamı - 30 il” adlı anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, Regional insan hüquqları və Media Mərkəzinin sədri, “Başlıbel faciəsi: erməni vəhşiliyi şahidlərin dili ilə” kitabının müəllifi Xalid Kazımov, jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov, şair Ələkbər Sönməz, Başlıbel ziyalısı Arif Süleymanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, deputat Aqil Məmmədov və digərləri çıxış ediblər.
Başlıbeldə ermənilərin törədikləri vəhşilikdən söhbət açan natiqlər bildiriblər ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 76 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.
Qeyd olunub ki, 2020-ci ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar.
Anım tədbirində “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin və Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.
Yekunda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel qətliamının necə baş verdiyi, qətliamın tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyət, bundan sonrakı dövrdə atılması vacib olan addımlar haqqında çıxış edib. RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və dəmir yumruğu nəticəsində, rəşadətli ordumuzun qəhrəmanlığı ilə Silahlı Qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Kahalara sığınaraq orada şəhid olan Başlıbel sakinlərinin nəşləri Vətən müharibəsindən sonra müəyyən edilərək, oradaca dəfn olunub. Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər. Bundan sonra bizim vəzifələrimizdən biri bu qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya, həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.