Batumidə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Cari il fevralın 26-da Batumidə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təşkil olunmuş anma mərasimində Acarıstan Muxtar Respublikası hökumətinin, nazirliklərin məsul şəxsləri, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Acarıstan Muxtar Respublikası bölgələrinin qubernatorları, Batumi Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, kütləvi informasiya vasitələrinin, Muxtar Respublika ziyalılarının, burada yaşayan Azərbaycan və digər icmaların nümayəndələri iştirak etmişlər.
Mərasimdə çıxış edən baş konsul Hüseyn Nəcəfov qeyd etmişdir ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayət törətmişlər. Nəticədə, fevralın 26-ı Xocalı şəhəri alova bürünmüş, bir günün içində yer üzündən silinmişdir. Bu soyqırımı yalnız mülki əhaliyə qarşı deyil, bütün bəşəriyyətə qarşı indiyədək görünməmiş cinayət idi.
Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almışdır. Yalnız bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanmışdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan etmişdir.
Baş konsul bildirmişdir ki, bu gün Azərbaycan dünya birliyinə dinc əhaliyə qarşı soyqırımının - Xocalı faciəsinin tanınması, o cümlədən Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayət hadisələri haqqında həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. H.Nəcəfov demişdir ki, 2008-ci il mayın 8-dən etibarən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” («Justice for Khojaly») beynəlxalq təşviqat kampaniyasına start verilmişdir. Ötən müddətdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın 60-a yaxın ölkəsində müxtəlif tədbirlər həyata keçirilmişdir. 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktı kimi tanımış və faciəni insanlığa qarşı cinayət adlandırmışdır. Bu gün Xocalı soyqırımı, həmçinin Pakistan, Meksika, Çexiya, Kolumbiya, ABŞ-nın Massaçusets, Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Meksiko və Arkanzas ştatları tərəfindən tanınmışdır.
Mərasimdə Batumi Dövlət Universitetinin professoru, elmlər doktoru Rostom Quntaişvili baş vermiş faciəyə hüquqi qiymət vermiş və Xocalı qətliamını Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı kimi xarakterizə etmişdir. R.Guntaşivili mərasim iştirakçılarını qardaş xalqa dəstək verməyə çağırmışdır.
Anma tədbirində Heydər Əliyev Fondunun dəstəyi ilə lentə alınmış “Xocalı soyqırımı” sənədli filmi, eləcə də amerikalı rep-ifaçı Toni Blekmen və “Dəyirman” qrupunun ifasında “Xocalıya Ədalət!” («Justice for Khojaly») musiqi klipi nümayiş olunmuşdur.
Tədbirin sonunda iştirakçılara foto-sərgi, press-relizlər, “Xocalıya Ədalət!” musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunmuşdur.
Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasim və baş konsulun müsahibəsi “Acariya TV” kanalı tərəfindən işıqlandırılmışdır.