Baytarlıq ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı ilə məşğul olmaq yolverilməzdir





Bakı, 15 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, standartlara uyğun kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Xəzər və Pirallahı Rayon İcra hakimiyyətlərinin əməkdaşları ilə birlikdə həmin rayonların ərazisində heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Heyvan kəsimi məntəqəsində keçirilən görüşdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı bildirilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.
Görüş zamanı sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.