BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULARININ QİYMƏTLƏRİNİN SÜNİ ARTIMININ QARŞISI ALINMALIDIR
Baş nazir Artur Rasizadə müşavirəni açaraq, bazarlarda son günlər aparılmış monitorinqlər nəticəsində əsas kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasının müəyyən edildiyini, bu vəziyyətin vətəndaşları, xüsusilə paytaxtın alıcılıq qabiliyyəti aşağı səviyyədə olan sakinlərini və təbii ki, respublika hökumətini də ciddi narahat etdiyini vurğulamışdır. O demişdir ki, azad bazar iqtisadiyyatı şəraitində hökumətin bu və ya digər məhsulların, malların qiymətini tənzimləmək, ona təsir etmək imkanları xeyli azalmışdır. Lakin bununla bərabər, biz bu xoşagəlməz proseslərə biganə qala bilmərik.
Baş nazir bunun bir sıra obyektiv və subyektiv səbəblərlə bağlı olduğunu bildirmişdir. Obyektiv səbəb odur ki, əhalinin maddi gəlirləri artır, həyat səviyyəsi yaxşılaşır. Qiymətlərin artması varlı təbəqəyə bir o qədər təsir etmir. Lakin bahalaşma ilk növbədə subyektiv səbəblərlə bağlıdır. İstehsalçı məhsulu yetişdirir, ancaq bazara gətirib öz malını sata bilmir. Bazar bütünlüklə ayrı-ayrı adamların inhisarındadır. Məhsul istehsalçısını oraya buraxmırlar, o da əziyyətlə yetişdirdiyi məhsulu ya öz qapısında, yaxud da bazarın ağzında dəllallara satmalı olur. İcra orqanları müəyyən tədbirlər görməklə, qiymət artımına təsir edə bilər. Bu günlərdə Lənkəran rayonunda yetişdirilən kənd təsərrüfatı məhsullarının Nərimanov rayonunda satış yarmarkasının təşkili belə tədbirlərin əhəmiyyətli, səmərəli olduğunu göstərdi. Yarmarkada satılan məhsullar bazarlardakı qiymətlərdən yarıbayarı aşağı oldu, məhsulların da hamısı qısa müddətdə alındı, alıcılar da, istehsalçılar da bundan razı qaldılar. Həmin gün gətirilən məhsul bir neçə dəfə artıq olsaydı belə, yenə də hamısı alınardı. A.Rasizadə vurğulamışdır ki, bugünkü müşavirənin də əsas məqsədi belə tədbirlərin, satış yarmarkalarının təşkili, qiymət artımının qarşısının alınması üçün yerli dövlət icra orqanları qarşısında duran vəzifələrdən ibarətdir.
Müşavirədə Lənkəran Rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev, Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı Nazim Veysov, Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, nəqliyyat naziri Ziya Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Masallı Rayonu İcra Hakimiyyətinin başçısı Oqtay Əliyev, Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, kənd təsərrüfatı naziri İsmət Abasov, iqtisadi inkişaf naziri Heydər Babayev, “Azərittifaq”ın sədri Eldar Quliyev çıxış etmişlər.
Açıq, işgüzar şəraitdə keçən müzakirələrdə bazarlarda qiymət artımına təsir edən amillər, onların aradan qaldırılması yolları, satış yarmarkaların təşkili, məhsulun saxlanması, mühafizəsi, istehlakçıların hüquqlarının qorunması, respublikamıza müxtəlif meyvə-tərəvəz məhsullarının idxalı və ölkədən ixracı və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmış, təkliflər səslənmişdir.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev müzakirələrə yekun vuraraq bildirmişdir ki, müşavirənin keçirilməsi heç də təsadüfi deyil, bu, dövlətin siyasətidir. Lakin Azərbaycan Prezidentinin tapşırığı bundan ibarətdir ki, biz bazara təsir göstərməliyik, qiymətləri aşağı salmalıyıq. Çox təəssüflər olsun ki, bu işlə nə rayonlarda, nə şəhərlərdə heç kim məşğul olmur. Buna görə də Prezident Nazirlər Kabinetinə, Prezident Aparatına göstəriş verir ki, bu işlə məşğul olub tədbirlər görmək lazımdır. Bu, bizim ilk addımımızdır, gələcəkdə çox sistemli bir tədbir hazırlamalıyıq. Elə olmasın ki, yay vaxtı bir ay, iki ay bununla məşğul olduq, sonra da yenə də unudulsun. Rayon icra hakimiyyəti başçılarının çox böyük səlahiyyətləri var, bundan istifadə etmək, yarmarkaların təşkili üçün müəyyən yerlər ayırmaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işləmək lazımdır. Yarmarkaların təşkil edildiyi yerlərin sanitariya vəziyyəti, oraya məhsul gətirənlər üçün şəraitin yaradılması məsələləri həll edilməlidir. Bu işə Sumqayıtda, Gəncədə də başlamalıyıq. Bu yolla bazarlarda bütün növ kənd təsərrüfatı məhsullarının qiymətinin süni surətdə qaldırılmasının qarşısını almalıyıq.