BDU-nun professoru ekspert seminar keçirib
Bakı, 12 mart, AZƏRTAC
Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutunun VI beynəlxalq elmi qrant proqramı çərçivəsində proqramın laureatı - Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının professoru, Ukrayna-Azərbaycan Beynəlxalq Nanobiotexnologiyalar və Funksional Nanosistemlər Elmi və Təhsil Mərkəzinin direktoru Rövşən Xəlilov “Canlı sistemlərin ekoloji stres vəziyyətinin qiymətləndirilməsində elektron paramaqnit rezonans (EPR) spektroskopiya metodunun tətbiqi” mövzusunda onlayn elmi ekspert seminarı keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, canlı sistemlərin ekoloji stres vəziyyətinin qiymətləndirilməsi zamanı elektron paramaqnit rezonansının (EPR) istifadəsində yeni metodların tətbiqi ilə bağlı olan tədqiqat layihəsi biomineralizasiya proseslərinin ümumi mexanizmlərini müəyyənləşdirmək məqsədilə bioloji sistemlərdə maqnit nanohissəciklərin əmələ gəlməsini təhlil edir, stres faktorları altında yaranan maqnit nanohissəciklərin tətbiqini təklif edir.
Professor R.Xəlilov 2019-cu ildə Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutunun tədqiqat layihələrinin maliyyələşdirilməsi üzrə beynəlxalq müsabiqəsində iştirak edib və Avropa, MDB və Rusiya Federasiyasından gələn 278 təklif arasından ilk beşliyə daxil olunub.
Qeyd edək ki, Moskva Dövlət Pedaqoji Universitetinin Perspektiv Araşdırmalar İnstitutu tərəfindən hər il keçirilən beynəlxalq qrant müsabiqəsi proqramı Rusiya və xarici ölkələrdəki elmi ictimaiyyətin nümayəndələri üçün önəmli layihə platforması kimi qiymətləndirilir.