BDU-nun Tələbə Həmkarlar Təşkilatı ağacəkmə aksiyası keçirib
Bakı, 23 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar Təşkilatı tərəfindən 22 aprel - Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət olunmaqla tələbələr universitetin və Tələbə Evinin həyətində ağac və güllər əkiblər. BDU-nun rektoru Elçin Babayev tələbələrlə birgə aksiyada iştirak edib. Aksiyada 100-dən çox zeytun və şam ağacları, 300-dən çox təbii gül əkilib. Aksiyanın məqsədi ictimaiyyətin, eləcə də tələbələrin diqqətini yaşıllıqların artırılmasına, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına yardımçı olmağa, atmosferin oksigenlə zənginləşdirilməsinə yönəltməkdir.