BƏDİİ GİMNASTİKA ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Martın 7-də Olimpiya İdman Komplesində bədii gimnastika üzrə açıq Azərbaycan çempionatı başa çatmışdır. AZƏRTAC xəbər verir ki, birinciliyin son günü ayrı-ayrı təmrinlər üzrə qaliblər məlum olmuşdur.
1992-ci il təvəllüdlü və daha kiçik yeniyetmələr arasında iplə təmrinlərdə Rusiya idmançısı Yana Lukonina qalib gəlmişdir. İkinci yerə Valeriya Usova (Rusiya), üçüncü yerə isə Samirə Mustafayeva çıxmışlar. Bu yaş qrupunda halqa ilə təmrinlərdə yarışın ən güclü gimnastı yenə də Yana Lukonina olmuşdur. Gümüş medala Rusiya gimnastı Diana Botsiyeva, bürünc medala isə Samirə Mustafayeva layiq görülmüşlər.
Topla təmrinlərdə birinci nəticəni Valeriya Usova, ikincini Diana Botsiyeva, üçüncünü isə Samirə Mustafayeva göstərmişlər. Yana Lukoninə lentlə təmrinlərdə də qızıl medala sahib olmuşdur. İkinci yerə Valeriya Usova, üçüncü yerə isə Samirə Mustafayeva çıxmışlar.
1991-ci il təvəllüdlü və yuxarı yaşlı idmançılar arasında iplə təmrinlərdə çempion Aliyə Qarayeva olmuş, gümüş medalı Dinarə Gimatova, bürünc medalı isə Anna Qurbanova qazanmışlar.
Halqa ilə təmrinlərdə çempion adına Dinarə Gimatova layiq görülmüşdür. İkinci yerə Anna Qurbanova, üçüncü yerə isə Qazaxıstan gimnastı Marina Petrakova çıxmışlar. Bu yaş qrupunda gürzlə təmrinlərdə ən yaxşı nəticəni Aliyə Qarayeva, ikinci nəticəni Anna Qurbanova, üçüncünü isə Yana Seledçik (Rusiya) göstərmişlər.
Lentlə təmrinlərdə Azərbaycan idmançılarının uğurlu çıxışı diqqəti cəlb edir. Bu hərəkətlər üzrə yarışda ilk üç yeri Dinarə Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva tutmuşlar.
Mükafatlandırma mərasimindən sonra Azərbaycan gimnastikasının veteranı Zinaida Qolubevaya doğum günü münasibətilə Gimnastika federasiyasının hədiyyəsi təqdim olunmuşdur.
Çempionatın bağlanış mərasimi gənc gimnastların və tanınmış idmançıların çıxışı ilə başa çatmışdır.
######
![]() |
![]() |

