BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
1991-94-cü il təvəllüdlü yeniyetmələr arasında iplə təmrinlərdə Zeynəb Cavadlı qalib gəlmişdir. İkinci yerə Nigar Mirzəyeva, üçüncü yerə Leyla Şamilova çıxmışlar. Bu yaş qrupunda halqa ilə təmrinlərdə ölkənin ən güclü gimnastı Zeynəb Cavadlı olmuşdur. Gümüş medala Zülfiyyə Əliyeva, bürünc medala isə Ceyla Quliyeva layiq görülmüşlər. Gürzlə təmrinlərdə birinci nəticəni Zülfiyyə Əliyeva, ikincini Leyla Şamilova, üçüncünü isə Nigar Mirzəyeva göstərmişlər. Zeynəb Cavadlı lentlə təmrinlərdə də qızıl medala layiq görülmüşdür. İkinci yerə Ceyla Quliyeva, üçüncü yerə isə Zülfiyyə Əliyeva çıxmışlar.
1990-cı il təvəllüdlü və yuxarı yaşlı idmançılar arasında iplə təmrinlərdə çempion Aliyə Qarayeva olmuş, gümüş medalı Anna Qurbanova, bürünc medalı isə Dinara Gimatova qazanmışlar. Topla təmrinlərdə çempion adına Anna Qurbanova layiq görülmüşdür. İkinci yerə Aliyə Qarayeva, üçüncü yerə isə Dinara Gimatova çıxmışlar. Bu yaş qrupunda gürzlə təmrinlərdə ən yaxşı nəticəni Aliyə Qarayeva, ikinci nəticəni Dinara Gimatova, üçüncünü isə Anna Qurbanova göstərmişlər. Lentlə təmrinlərdə Dinara Gimatova qalib gəlmiş, gümüş medala Aliyə Qarayeva, bürünc medala isə Anna Qurbanova layiq görülmüşlər.
Respublika Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov mükafatlandırma mərasimindən sonra gimnastları təbrik etmişdir. O vurğulamışdır ki, bu il Azərbaycan gimnastları üçün uğurlu başlanğıcla əlamətdar olmuşdur. Belə ki, Tartu şəhərində keçirilən “Miss Valentina” beynəlxalq turnirində Azərbaycanın qrup komandası çempionluğa əsas namizəd sayılan Rusiya gimnastlarını 2,5 bal arxada qoyaraq, birinci yeri tutmuşdur. Ölkənin aparıcı gimnastları olan Dinara Gimatova və Anna Qurbanova müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanmışlar. Federasiyanın rəhbərliyi idman ustalığını getdikcə təkmilləşdirən Zeynəb Cavadlıya böyük ümidlər bəsləyir. Altay Həsənov demişdir ki, qazanılan qələbələr Federasiyanın prezidenti Mehriban Əliyevanın gimnastlara göstərdiyi diqqət və qayğının bilavasitə nəticəsidir.
Çempionatın bağlanış mərasimi gənc gimnastların və tanınmış idmançıların çıxışı ilə başa çatmışdır.