Bəhruz Məhərrəmov: Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlar keyfiyyətcə tamamilə yeni dövrə qədəm qoyub
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi kimi ciddi vəzifələr müəyyənləşdirilib. Bu normativ hüquqi akt məhkəmə-hüquq islahatlarının yeni mərhələsini başladıb, ötən bir il ərzində isə islahatlar keyfiyyətcə tamamilə yeni dövrə qədəm qoyub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov komitənin aprelin 1-də keçirilən iclasında müzakirəyə çıxarılan Ali, Apelyasiya və bölgə üzrə məhkəmə hakimlərinin namizədliyinin təqdimatı məsələsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, məhz bu Fərmandan sonra məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə məhkəmə sistemimizə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması, həm vakant yerlər, həm də əlavə ayrılmış ştatlar üzrə yerlərin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün fasiləsiz sənəd qəbuluna başlanılıb, şəffaf və obyektiv hakim seçimləri intensivləşdirilib.
Onun sözlərinə görə, son bir ildə Azərbaycan Konstitusiyanın 8-ci maddəsinə müvafiq olaraq məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı – Azərbaycan Prezidentinin iradəsinə müvafiq olaraq Məhkəmə-Hüquq Şurası bu prosesin daha effektiv və çevik təşkilinə, o cümlədən təyinatlarla bağlı prosedurların daha şəffaf mexanizminin tətbiqinə nail olub.
“Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılan Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin təyin edilməsi, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad olunması məhz yeni çağırışlara uyğun şəkildə, müxtəlif instansiya məhkəmələrinin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına gücləndirilməsini ehtiva edir.
Milli Məclisə daxil olan təqdimatda vəzifələrə namizədliyi müzakirəyə çıxarılan hakimlərimizin hər birinin əvvəlki dövr üzrə fəaliyyəti ciddi təhlil edilib, onların ədalət mühakiməsinin Konstitusiya və qanunlara uyğun olaraq qərəzsiz, ədalətlə həyata keçirilməsinə, yüksək hakim adına hörmət ruhunda davranmaqla məhkəmələrə etimadın daha da möhkəmləndirilməsinə töhfə verəcəkləri şübhə doğurmur”, - deyə Bəhruz Məhərrəmov diqqətə çatdırıb.