Belarus Dövlət Pedaqoji Universiteti Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 7 mart, AZƏRTAC
Belarus Təhsil Günləri çərçivəsində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) rektoru, pedaqoji elmlər doktoru Aleksandr Juk və bu ali təhsil ocağının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Svetlana Kobaçevskaya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) olublar.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, qonaqlarla görüşdə bu institutun beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarov təmsil etdiyi qurum ilə BDPU arasında ilkin əlaqələrin qurulması haqqında məlumat verib. O, TİPİİ-nin gələcəkdə BDPU-nun bazasında fəaliyyət göstərəcək İxtisasartırma və Yenidənhazırlanma İnstitutu ilə əlavə təhsil, ixtisasartırma, təcrübəkeçmə və digər istiqamətlərdə birgə proqramların həyata keçirilməsində maraqlı olduğunu deyib.
Söhbət zamanı A.Juk Azərbaycan-Belarus əməkdaşlığının hər iki ölkə rəhbərliyi səviyyəsində dəstəkləndiyini və hazırda digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini bildirib. BDPU tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramları, təşkil edilən seminarlar və konfranslar barədə geniş məlumat verən A.Juk diqqətə çatdırıb ki, rəhbərlik etdiyi universitet TİPİİ ilə əməkdaşlıqda maraqlıdır. O deyib: “Əminəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq”.
TİPİİ-nin direktor müavini Namiq Nağıyev son illər ölkəmizdə aparılan təhsil islahatlarının əhəmiyyətli hissəsi kimi müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrindən danışıb və bunun davamı olaraq təhsil işçiləri üçün keçirilən ixtisasartırma təlimləri, onların məzmunu, qiymətləndirilməsi qaydaları haqqında məlumat verib. O, institutun beynəlxalq ekspertlərlə əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda TİPİİ-nin beynəlxalq layihələr şöbəsinin müdiri Azad Əhmədov qonaqlara bu institutun beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti ilə bağlı məlumat verib.