Belarus paytaxtında MDB Daimi Nümayəndələr Şurasının növbəti iclası keçirilib
Minsk, 20 aprel, AZƏRTAC
Aprelin 19-da MDB-nin Belarus paytaxtındakı İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin Təşkilatın nizamnamə və digər orqanları yanında səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev iclasda iştirak edib. O, iclas iştirakçılarına bildirib ki, aprelin 8-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində keçirilmiş görüşdə Birlik ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri arasında səmimi və konstruktiv söhbət olub.
Daimi Nümayəndələr Şurasının üzvləri XİNŞ-in iclasının yekunlarını müzakirə edərək müvafiq qərarların yerinə yetirilməsi üzrə tədbirlər müəyyən ediblər.
İclasın gedişində Qırğızıstan tərəfi MDB-nin 25 illiyi münasibətilə Birlik iştirakçısı olan ölkələrin dövlət başçılarının Bəyanatının layihəsini Daimi Nümayəndələr Şurasının üzvlərinə təqdim edib. Layihə ekspertlər tərəfindən nəzərdən keçiriləndən sonra onun bu il oktyabr ayında Bişkekdə keçiriləcək yubiley sammitində qəbul edilməsi planlaşdırılır.
Bundan əlavə, Daimi Nümayəndələr Şurasının üzvləri bu il mayın 22-də Tacikistan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi üzrə referendumda MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri vəzifəsinə MDB İcraiyyə Komitəsi sədrinin-icraçı katibin birinci müavini Vladimir Qarpunun namizədliyi barədə razılığa gəliblər.
Daimi Nümayəndələr Şurasının növbəti iclasının mayın 25-də keçirilməsi nəzərdə tutulur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk