Belarus paytaxtında MDB Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası olub
Minsk, 23 sentyabr, AZƏRTAC
Minskdə MDB İcraiyyə Komitəsində Birliyin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası olub.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibı Sergey Lebedevin iştirakı ilə keçirilən iclasda daimi səlahiyyətli nümayəndələr azad ticarət zonası haqqında 2011-ci il 18 oktyabr tarixli Müqavilənin müddəalarının həyata keçirilməsinə dair sənəd layihələrinin hazırlanmasının gedişatını müzakirə ediblər. Bu məsələ ilə bağlı informasiyanı dinləyən daimi səlahiyyətli nümayəndələr Birliyin ali orqanları tərəfindən baxılması məqsədi ilə müvafiq sənəd layihələrinin hazırlanmasına və razılaşdırılmasına dair ekspert və işçi qruplarının təşkil olunması təklifini irəli sürüblər.
İclasda MDB-nin iştirakçısı olan ölkələrin sağlamlığın mühafizəsi və əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində əməkdaşlığının vəziyyəti və perspektivləri də nəzərdən keçirilib.
Birlik çərçivəsində səhiyyə sahəsində Əməkdaşlıq Şurasının fəaliyyətini müsbət qiymətləndirən daimi səlahiyyətli nümayəndələr Şuraya onkoloji xəstəliklər əleyhinə mübarizə sahəsində razılaşdırılmış fəaliyyət Konsepsiyanın, “MDB ölkələri əhalisinin sağlamlığı” Strategiyasının və başqa sənəd layihələrinin hazırlanması üzrə işi davam etdirməyi və müəyyən olunmuş qaydada baxılması üçün MDB Hökumət Başçıları Şurasına təqdim etməyi təklif ediblər.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası oktyabrın 20-də keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk