Belarusda Heydər Əliyevin xatirəsi anılıb
Kiyev, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ili ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Belarusun “Azərbaycan İcmaları Konqresi”, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq”, Moqilyovda fəaliyyət göstərən “Azəri”, Bobruyskda fəaliyyət göstərən “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru iştirak edib.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışılıb, hələ 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi kimi Azərbaycana rəhbərlik etdiyi dövrdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan Ulu Öndərin, sonrakı illərdə müstəqilliyin qorunması və daha da möhkəmləndirilməsindəki rolunu, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə həyata keçirilən tədbir və islahatlardan bəhs olunub. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən dahi şəxsiyyətin vəsiyyətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildiyini, üçrəngli Bayrağımızın yenidən Vətən torpaqlarında dalğalandığı qürurla qeyd olunub.
Ulu Öndərin Azərbaycan-Belarus münasibətlərinin memarı olduğu, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi siyasətini uğurla davam etdirdiyi vurğulanıb.
Sonra Ümummilli Liderə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra səfirliyin əməkdaşları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev