“Bələdiyyələrlə iş portalı”nın təqdimatı olub
Bakı, 12 aprel, AZƏRTAC
Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə aprelin 12-də “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda nazirlik tərəfindən müasir tələblərə uyğun hazırlanmış və səmərəli yerli özünüidarəetmə fəaliyyətinə töhfə olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənov portalda bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatların yerləşdirildiyini qeyd edib.
Diqqətə çatdırılıb ki, eyni zamanda portalda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər - metodoloji yardım və inzibati nəzarət tədbirləri əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.
Təqdimat zamanı portalın funksional imkanları əyani nümayiş etdirilib, onun ictimaiyyət və bələdiyyələr üçün faydası qeyd olunub.