Benilüks Azərbaycanlıları Konqresi Amsterdamda keçiriləcək sərgiyə dəvət almışdır
Paris, 23 aprel (AZƏRTAC). Benilüks Azərbaycanlıları Konqresi (BAK) 2012-ci ilin yayında Amsterdamda keçiriləcək “Amsterdam bir dünya şəhəridir” adlı beynəlxalq sərgidə iştiraka edəcəkdir.
BAK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgi Niderland Krallığının ən qədim “Old Church” kilsəsində təşkil olunacaqdır.
Ölkənin statistika idarəsinin məlumatına görə hazırda Amsterdamda dünyanın 193 millətinin 178 nümayəndəsi yaşayır. Sərgidə müxtəlif millətlərin nümayəndələrinin portretlərindən ibarət fotolar nümayiş etdiriləcəkdir.
BAK-ın sədri Sahil Qasımov təşkilat komitəsinə ünvanladığı məktubda Amsterdamda yaşayan Azərbaycan icmasının belə mötəbər tədbirə dəvət edildiyi üçün təşkilatçılara öz təşəkkürünü bildirmişdir. Məktubla ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, bəşəri hisslər aşılayan ədəbiyyatı, müstəqilliyini bərpa etdikdən sonra müxtəlif sahələrdə sürətli inkişafı, Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrilməsi barədə məlumat vermişdir. Eyni zamanda, azərbaycanlıların Hollandiya cəmiyyətinə uğurla inteqrasiya etdiyini, digər icmalarla mehriban dostluq əlaqələri yaratdıqlarını, krallığın ictimai siyasi həyatında fəal iştirak etdiyini, yaşadıqları dövlətin dəyərlərinə hörmət və ehtiramla yanaşdıqlarını, BAK-ın Azərbaycanı Niderland əhalisinə yaxından tanıtmaq istiqamətində gördüyü işləri diqqətə çatdırmışdır.
Azərbaycan icmasının sərgidə rəsmi iştirakı ilə bağlı sənədlər Amsterdam şəhər bələdiyyə idarəsinin dəftərxanasına göndəriləcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris