REGİONLAR
Bərdə terror qurbanları abidəsinin önündə Anım Gününə həsr olunmuş tədbir keçirilib












Bakı, 27 sentyabr, AZƏRTAC
Bərdə rayonunda Şəhidlər xiyabanında və Bərdə terror qurbanları abidəsinin önündə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb, xatirələri yad olunub, ruhlarına dualar oxunub.
Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub. Qeyd edib ki, bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərlə zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.
V.İsayev 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, bu gün Azərbaycan tarixinə Vətən müharibəsinin başlanğıc günü kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadağın olunub. Ordumuz bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb.
Qeyd edilib ki, Vətən müharibəsi başlanan ilk gündən bütün Azərbaycan oğulları silaha sarılıb Vətənin müdafiəsinə qalxıb, 30 il Ermənistanın işğalı altında inləyən torpaqlarımızı mənfur düşməndən azad etmək üçün Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək düşmənə ağır zərbələr endirib.