Bərdədə karantin rejimini pozan restoranın sahibi həbs edilib
Bakı, 1 iyul, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi qaydada davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 7 nəfər saxlanılıb. Restoranın sahibi N.Orucov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib, digərləri isə 100 manat miqdarında cərimə ediliblər.