Bərdədə soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bərdə, 1 aprel (AZƏRTAC). Bərdə Rayon Mədəniyyət evində 31 mart-Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül-çiçək düzmüşlər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə XX əsrdə xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror aktlarından danışmışdır. Bildirmişdir ki, 1905-1907, 1918-1920 və 1988-1993-cü illərdə erməni millətçiləri Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri, səhiyyə ocaqlarını dağıtmışlar.
1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali məhv edilmiş, görünməmiş qanlı cinayətlər törədilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdrilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişdir. Ötən əsrin 80-ci illərində 200 minə yaxın azərbaycanlı Ermənistandan amansızcasına qovulmuşdur. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş, Xocalı, Qaradağlı və digər yerlərdə qanlı faciələr törədilmişdir.
Məruzədə azərbaycanlılara qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti və tarixi kökləri ətraflı təhlil edilmiş, soyqırımı hadisələrinə, erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından sonra faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
1948-1952-ci illərdə Ermənistandan deportasiya olunmuş Yeni Daşkənd və Otuzikilər kənd sakinləri Ələddin Balıyev, Telman Hüseynov tədbirdə çıxış edərək, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmış, deportasiya ilə bağlı xatirələlrini iştirakçılarla bölüşmüşlər.