Berlin Texniki Universitetində "Xocalıya Ədalət!" kompaniyası çərçivəsində tədbir keçirilmişdir
Berlin, 28 fevral (AZƏRTAC). 2011-ci il fevralın 25-də Berlin Texniki Universitetində Rəqsanə Civişova, Arzu Hüseynov, Asif Məmmədov, Ferdi Salı və bir sıra digər azərbaycanlı, türk və beynəlxalq tələbələrin iştirakı ilə “Xocalıya Ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilmişdir.
Toplantıda tələbələrə, professor və müəllim heyətinə Azərbaycan haqqında müxtəlif broşürlər, Xocalı faciəsi haqqında kitablar paylanmış, petisiyalar imzalanmışdır. Azərbaycan haqqında məlumat alanlar Xocalı həqiqətlərini ilk dəfə eşitdiklərini və Azərbaycana böyük marağı olduqlarının söyləmişlər. Ferdi Salı türk və digər millətlərdən olan həmkarlarını tədbirdə iştirakını təşkil etmiş və onların Berlin Texniki Universitetinin 700 nəfərlik Audi Max zalında Almaniya üzrə riyaziyyat olimpiadasının açılışlında Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklərini, professor və müəllimlərin də qatılacağı tədbirdə azərbaycanlı tələbələrlə birlikdə iştirakçıların Xocalı haqqında məlumatlandıracaqlarını, onlara kitab və broşürlər paylayacaqlarını söyləmişdir.
Universitetin zalında “Xocalıya Ədalət!” kampaniyasına dair plakatları asılmış, universitetə Azərbaycan və Qarabağ haqqında kitablar hədiyyə olunmuşdur. Tədbirin sonunda Universitetə, Berlinin ən böyük tələbə kitabxanası olan Volksvagen kitabxanasına Azərbaycana dair şəkillər və məlumat kitabları, Xocalı həqiqətləri barədə kitab və kompakt disklər təqdim olunmuşdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin