İQTİSADİYYAT
Bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib
Bakı, 28 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Noyabrın 28-də Bakıda Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) və Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov və IRENA-nın baş proqram icraçısı Prasson Aqarval və ölkə tərəfdaşlığı üzrə direktoru Gürbüz Gönül, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Seminarın məqsədi Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətinin şərtləri, mövcud çətinlikləri və imkanları müzakirə etmək, eləcə də bərpaolunan enerji sahəsində maraqlı tərəfləri bir araya gətirməkdir.
ABOEMDA-nın sədr müavini C.Məlikov agentliyin fəaliyyət proqramının birmənalı olaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nümunəsi olduğunu bildirib. Məhz bu səbəbdən də, ABOEMDA strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilədək 420 meqavat qoyuluş gücü olan külək, günəş
və bioenerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı ölkədə sənayenin, yerli iqtisadiyyatın digər sahələrinin də inkişafına gətirib çıxaracaq. Ölkəmizdə bərpaolunan enerji sahəsi üzrə hər növ stansiya üçün tələb olunan avadanlıqlar istehsal edilir. Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycanda iqtisadiyyatda yeni gəlir mənbələrinin formalaşmasına təsir göstərəcək. Bu, həm də sənayenin inkişafına təkan verəcək.
Daha sonra bərpaolunan enerjinin sosial-iqtisadi faydalarından danışan IRENA-nın baş proqram icraçısı P.Aqarval bərpaolunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə təqdimatla çıxış edib.
“Siyasət, strateji və institusional”, “Siyasi dəstək mexanizmləri”, o cümlədən “Maliyyələşdirmə və risklərin azaldılaması” mövzularında Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) nümayyəndələri tərəfindən müzakirələr aparılıb. Məqsəd bu sahədə keyfiyyəti artırmaq və ekspertlərin tövsiyələrini dinləmək olub.