İQTİSADİYYAT
“Better Cotton Initiative”ə ölkə üzvlüyünün əldə edilməsi” mövzusunda təqdimat keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Better Cotton Initiative”ə ölkə üzvlüyünün əldə edilməsi” mövzusunda təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən təqdimatda iştirakçılara “Better Cotton Intitative”in mahiyyəti, fəaliyyət istiqamətləri, pambıq istehsalı ilə məşğul olan biznes subyektləri, elmi-tədqiqat institutları üçün faydaları barədə məlumat verilib.
Qeyd edək ki, "Better Cotton Initiative" (BCI) 2005-ci ildə təsis edilmiş və dünyanın ən böyük qeyri-kommersiya təşkilatıdır. Bu təşəbbüsün məqsədi daha davamlı pambıq əkini üçün qlobal əsaslı standart yaratmaqdır. Bu missiyaya nail olmaq üçün BCI-nin lisenziyalı yetişdiriciləri (yəni beş qitədə 2 ölkədən 3,23 milyon nəfər) ətraf mühit, sosial və iqtisadi cəhətdən daha davamlı istehsal üsullarını tətbiq etmək üçün təlim keçirlər. Təlimlərin məqsədi sudan daha səmərəli istifadə etmək, kimyəvi maddələrdən istifadəni və pestisidlərin ətraf mühitə mənfi təsirini minimuma endirmək, pambıq əkini ilə məşğul olan fermerlərin həyat şəraitini və iqtisadi inkişafını yaxşılaşdırmaqdır.
Tədbir iştirakçılarına bildirilib ki, BCI-nin pambıq becərilməsi ənənəvi pambıqçılığa qarışdırılmadan ayrılıqda aparılır. Yığım və emal proseslərindən keçən "Better Cotton" adlandırılan pambıq mahlıcı kipləri BCI üzvləri tərəfindən əldə olunur və bazara daxil edilir. Bu kiplər istehsal və təchizat zənciri boyu kütlə (çəki) balansını hesablayan sistem vasitəsilə izlənə bilər. “Better Cotton Initiative” bütün dünyada fermerləri, tekstil brendlərini və moda şirkətlərini birləşdirir.
Təqdimat mərasimində “MKT İstehsalat Kommersiya” MMC, “P-Agro” və “Azərpambıq” şirkətlərinin nümayəndələri, özəl laboratoriyaların mütəxəssisləri, elmi işçilər, pambıqçılıq sektorunda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Təqdimat mərasiminə onlayn rejimdə qoşulan Avstraliya, Pakistan, Türkiyədən olan məsləhətçilər iştirakçıların suallarını cavablandırıblar.