BEYNƏLXALQ BÖHRANLAR QRUPUNUN RƏHBƏRİ AZƏRBAYCANIN SÜRƏTLƏ İNKİŞAF ETDİYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, səmimi qəbula görə təşəkkürünü bildirən Haret Evans, bu səfərin tanışlıq məqsədi daşıdığını demişdir. Qonaq rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verərək, Qafqazda gedən proseslərin də bu qurumun diqqət mərkəzində olduğunu vurğulamış, Azərbaycanda iqtisadiyyatın, enerji kompleksinin və digər sahələrin sürətlə inkişaf etdiyini yüksək qiymətləndirmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarov, böyük siyasi təcrübə keçmiş, Avstraliya Parlamentinin deputatlığından senator rütbəsinə, daha sonra isə Baş nazirin müavini və Baş nazir vəzifələrinə yüksəlmiş Haret Evansın rəhbərlik etdiyi Beynəlxalq Böhranlar Qrupu ilə Azərbaycanın əməkdaşlığa maraq göstərdiyini bildirərək, ölkəmizin bir sıra böyük iqtisadi layihələrdə, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorossiysk layihələrində iştirakını vurğulayaraq, bu layihələr çərçivəsində müxtəlif şirkətlərlə məhsuldar əməkdaşlıq üçün Azərbaycanın geniş potensial imkanlara malik olduğunu qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrinə toxunan xarici siyasət idarəsinin başçısı, ölkəmizin bu qurumlarla sıx əməkdaşlıq etdiyini bildirmişdir. Nazir, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra dünyada gedən qloballaşmanın ölkələr arasındakı təhlükəsizlik sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir. O, Azərbaycanın strateji cəhətdən əhəmiyyətli regionda yerləşdiyini, həmçinin münaqişələrin bütövlükdə region üçün təhlükəli olduğunu qeyd edərək, onun beynəlxalq norma və prinsiplər əsasında həllinin vacibliyini diqqətə çatdırmışdır.
Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, işğal nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər, münaqişənin nizamlanması istiqamətində aparılan işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Gələcək əməkdaşlıq üçün regionda sabitliyin vacib olduğunu qeyd edən nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq birliyin birgə səyləri əsasında həll edilməsinin vacib olduğunu xüsusi qeyd etmişdir.
Görüşdə Haret Evans rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqaz ölkələrinə dair, o cümlədən Azərbaycan və Gürcüstanla bağlı hesabatlar hazırlandığını bildirmiş, yaxın zamanda Ermənistana dair müvafiq hesabatın da hazırlanacağını diqqətə çatdırmışdır.
Sonda Haret Evans Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı fikrini bildirərək, bu münaqişənin tezliklə sülh yolu ilə həll edilməsinə ümidvar olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.