Beynəlxalq elmi konfrans çərçivəsində gənc alimlərin poster təqdimatları olub
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans çərçivəsində poster təqdimatları olub.
Gənc Alim və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildirilib ki, AMEA-nın Sərgi salonunda təşkil olunan təqdimatlarda 100-ə yaxın gənc alim elmi tədqiqatların əsas nəticələrini poster şəklində müzakirəyə çıxararaq geniş fikir mübadiləsi aparıb. Təqdimatlar xarici və yerli gənc alimlərin böyük marağına səbəb olub.
Təqdimatlar “İntellektual sistemlər və texnologiyalar”, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Yer elmlərinin nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kimyanın müasir problemləri”, “Xəzər dənizinin çoxşaxəli elmi və nəzəri problemləri”, “Bugünkü sosial və humanitar problemlər” və “Elmdə ilk addımlar (istedadlı şagirdlər üçün xüsusi bölmə)” istiqamətlərini əhatə edib.