BEYNƏLXALQ HƏVƏSKAR BOKS ASSOSİASİYASININ BİRİNCİ VİTSE-PREZİDENTİNƏ FƏXRİ DOKTOR ADI VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (DBTİA) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) birinci vitse-prezidenti, Asiya Olimpiya Şurasının vitse-prezidenti, Asiya Boks Federasiyasının prezidenti, məşhur özbək biznesmeni və mesenatı, görkəmli idman xadimi Qafur Rəhimova fəxri doktor adı verilmişdir.
Tədbirdə çıxış edən DBTİA-nın rektoru, Milli Məclisin deputatı Ağacan Abıyev Qafur Rəhimovun keçdiyi şərəfli həyat yolundan, onun boksun inkişafındakı əvəzsiz xidmətlərindən söz açmışdır. Natiq bildirmişdir ki, hələ keçmiş sovet hakimiyyəti dövründə Q.Rəhimov özbəkistanlı idmançıların yetişməsi və beynəlxalq yarışlarda yüksək uğurlar qazanması üçün çox işlər görmüşdür.
Bildirilmişdir ki, 1951-ci ildə Daşkənddə dünyaya göz açan Qafur Rəhimov orta təhsilini idman-internat məktəbində, ali təhsilini isə Leninqrad İqtisad İnstitutunda almışdır.
Bir müddət Q.Rəhimovun Özbəkistan Ticarət Nazirliyində işlədiyini söyləyən natiq onun “Dinamo” İdman Cəmiyyətində də boks üzrə məşqçi kimi fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, SSRİ idman ustası adına layiq görülmüş Qafur Rəhimov hazırda özbəkistanlı boksçuların beynəlxalq yarışlarda iştirakına maliyyə yardımı da göstərir.
Tədbirdə 2006-cı ildən AİBA-nın birinci vitse-prezidenti kimi fəaliyyət göstərən özbəkistanlı idman xadiminin bu vəzifədə səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Ağacan Abıyev yeniyetmələrin 6-cı dünya çempionatı çərçivəsində Bakıya gəlmiş fəxri qonaq Qafur Rəhimova DBTİA-nın fəxri doktoru diplomunu təqdim etmişdir.
Göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirən fəxri doktor Azərbaycan ilə Özbəkistan arasında bütün zamanlarda davam edən dostluq əlaqələrinin bundan sonra da uğurla inkişaf etdiriləcəyini söyləmişdir.
Q.Rəhimov bildirmişdir ki, son illər ərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanın inkişafı istiqamətində də mühüm addımlar atılmışdır. Respublikamızın mühüm əhəmiyyətli beynəlxalq yarışlara ev sahibliyi etdiyini yüksək qiymətləndirən Q.Rəhimov ölkəmizi təmsil edən idmançıların yaxşı hazırlıq səviyyəsindən razı qaldığını bildirmişdir.