BEYNƏLXALQ HƏVƏSKAR BOKS ASSOSİASİYASININ PREZİDENTİ, PROFESSOR ƏNVƏR ÇOUDRİNİN ÇIXIŞI
-Bismillahir-rəhmanir-rəhim!
Hörmətli cənab İlham Əliyev!
Hörmətli xanımlar və cənablar!
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti kimi, mən 7-ci boks turnirində iştirak etməkdən şərəf duyuram. İlk növbədə sizi salamlayır, minnətdarlığımı bildirirəm.
Çox möhtərəm Prezidentiniz cənab Heydər Əliyev ölkənizdə boksun inkişafına danılmaz xidmətlər göstərmişdir. Siz, boksçular beynəlxalq aləmdə belə bir təqdirəlayiq turnirdə iştirakınızla böyük təcrübə əldə edirsiniz. Azərbaycan son 10 il ərzində bu idman növündə çox mühüm və əsaslı addımlar ataraq, inkişaf səviyyəsinə çatmışdır. Bu, məhz respublikanın Prezidenti möhtərəm Heydər Əliyevin dəstəyi, Boks Federasiyasına göstərdiyi qayğı nəticəsində mümkün olmuşdur. Bu, həm də cənab İlham Əliyevin xidmətinin nəticəsidir.Həmçinin danılmazdır ki, mənim əziz dostum Ağacan Əbiyevin də bu işdə xidmətləri vardır. Bu xidmətlər Azərbaycan adını yüksəklərə qaldırmışdır. İstərdim, onların hər birinə dərin təşəkkürümü bildirim.
Mən çox böyük şərəf hissi duyuram ki, adımla bağlı olan belə bir təntənəli mərasim hər il Azərbaycanda keçirilir. Əlimdən gələni edəcəyəm ki, məhz boks aləmində öz köməyimi, xidmətlərimi və dəstəyimi göstərim. Eyni zamanda, Azərbaycan Prezidentinin bu sahədəki əməyini bir daha yüksək qiymətləndirərək, hər birinizə minnətdarlığımı yetirirəm.
Belə bir mərasimin təşkilində iştirak edən hər bir məsul şəxsə, habelə bu gün bizimlə burada bir yerdə olan şəxslərə də təşəkkür edirəm.
X X X
Mən boksun inkişafında göstərdikləri danılmaz xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə və MOK-un prezidenti İlham Əliyevə Beynəlxalq Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatlarını təqdim edirəm. Çox sağ olun.
X X X
Azərbaycanın dövlət himni səsləndi.
AİBA-nın prezidenti, professor Ənvər Çoudrinin şərəfinə həsr edilmiş 7-ci beynəlxalq turnir açıq elan edildi.
Həmin gün turnirdə keçirilən ilkin görüşlərdə 51 və 54 kiloqram çəki dərəcələrində Elşad Quliyev, Fuad Aslanov, Ağası Məmmədov \Azərbaycan\, Tolyaşboy Daniyarov \Özbəkistan\, Hakan Doluay \Türkiyə\ rəqiblərinə qalib gələrək nöbəti mərhələyə çıxdılar.
Turnirin açılış mərasimində gənclər, idman və turizm naziri Əbülfəz Qarayev və digər rəsmi şəxslər iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunun və
İlqar Cəfərovundur