Beynəlxalq konfransda regionda geoparkların təşkili prinsipləri müzakirə olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - şöbə müdiri, dosent Zaur İmrani, aparıcı elmi işçi dosent Elina Kərimova və böyük elmi işçi Natəvan Cəfərova Almaniyanın Gissen şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Gissen şəhərinin Yustus Libix adına Universitetinin Coğrafiya departamenti tərəfindən təşkil olunmuş konfrans “Cənubi Qafqazda geoparkların tədqiqinə dair hərtərəfli elmi əməkdaşlıq - periferik regionların inkişafında sosial-ekoloji potensialın təhlili” mövzusuna həsr olunub.
Tədbirdə regionda geoparkların təşkili prinsipləri, qarşıya qoyulan vəzifələr və yaranan problemlər, eləcə də əməkdaşlıq və mütəxəssislərin cəlb edilməsi məsələləri müzakirə olunub.
Gissen Universitetinin Coğrafiya departamenti Almaniya təcrübəsi ilə tanışlıq çərçivəsində “Vestervald-Lahn-Taunus” Milli Geoparkına ekskursiya təşkil edib. Geopark buradakı mineral ehtiyatların müxtəlifliyi ilə xarakterizə olunur. Tarixdən əvvəlki dövrlərdən son dövrlərə qədər burada xammal çıxarılır və emal edilirdi. Ərazidə həm təbii landşaftları, həm də dağ-mədən sənayesinin inkişafı nəticəsində yaranmış texnogen formaları aydın görünür.