Beynəlxalq konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfransın iştirakçıları oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Konfrans iştirakçıları, həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini anıblar.