Beynəlxalq Miqrasiya Təşkilatı Gəncədə gənclər üçün biznes təlimləri təşkil edib
Bakı, 16 mart, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində Gəncə şəhərində gənclər üçün üç günlük biznes təlimi təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlər BMqT-nin Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunur.
Təlimdə ilkin seçim mərhələsini keçmiş 18 yerli gənc iştirak edib. Təlim zamanı iştirakçılar kiçik biznes fəaliyyəti və bu növ biznesin idarə olunması haqda biliklərini artırıblar. Onlar, həmçinin biznes planların hazırlanması ilə tanış olub və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə ediblər. Təlimin sonunda 13 gənc özlərinin kiçik biznes planlarını hazırlayaraq təqdim edib. Seçilən ideyalar sonrakı mərhələdə dəstəklənəcək.
Layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri - özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və sair məsələlər nəzərdə tutulub. Bu məqsədlə Quba, Lənkəran və Gəncədə yerli gənclər üç günlük intensiv kiçik biznes təlimlərinin keçirilməsi planlaşdırılır. Təlimi uğurla başa vuracaq və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.