Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Mənzil təhlükəsizliyi şəhərlərin əsas çağırışlarından biridir
Bakı, 20 may, AZƏRTAC
Şəhərlərin bu gün üzləşdiyi ən ciddi problemlərdən biri mənzil məsələsidir. Hazırda dünyada 1,1 milyarddan çox insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, təxminən 3 milyard insan isə müxtəlif formalarda mənzil təhlükəsizliyi problemi ilə üzləşir. Bu baxımdan WUF13-ün “Dünyanın məskunlaşdırılması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu olduqca aktual və vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar üzrə baş direktor müavini Uqoçi Daniels WUF13 çərçivəsində təşkil olunan “Miqrasiya və şəhərlər: təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində səsləndirib.
O bildirib ki, mənzil yalnız sığınacaq deyil, eyni zamanda inklüzivliyin, dayanıqlılığın və ləyaqətli həyatın əsasını təşkil edir.
“Təhlükəsiz və adekvat mənzil olmadan insanların xidmətlərə çıxışı, dolanışıq imkanları və ictimai həyata inteqrasiyası ciddi şəkildə məhdudlaşır. Bu, həm də uzunmüddətli həllərin əldə olunması və məcburi köçkünlüyün uzanmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.
Uqoçi Daniels vurğulayıb ki, adekvat mənzil böhranlardan sonrakı bərpa prosesində də vacib rol oynayır. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində şəhərlər eyni vaxtda iqlim dəyişiklikləri, sürətli urbanizasiya və məcburi köçkünlük kimi təzyiqlərlə qarşılaşır, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa çalışırlar. Bu isə böhranlara həssas və dayanıqlı şəhər idarəçiliyini zəruri edir.
O əlavə edib ki, yerli hökumətlər bu prosesdə əsas rol oynayır və güclü çoxtərəfli tərəfdaşlıqlara malik şəhərlər miqrasiyanı daha effektiv, inklüziv və humanist şəkildə idarə edə bilirlər: “Beynəlxalq Miqrasiya Təşkilatı da bu istiqamətdə göstərilən səyləri dəstəkləməyə davam edir”.