BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNDƏ SÖHBƏT “MƏHƏBBƏT TARİXÇƏSİ”NDƏN GETDİ
Onlar tanışlıqlarının dördüncü günü evləndilər. Sonralar Rostropoviç deyəcək: mən dörd gün itirdim.
Onların ilk tanışlığı 1955-ci ilin aprelində Moskvadakı “Metropol” restoranında, xarici qonaqlarla görüşdə oldu. Rostropoviçin adı və soyadı artıq o zaman Böyük Teatrın “ulduzu” sayılan Qalina Vişnevskaya üçün qəribə səslənirdi. Lakin bir müddətdən sonra onların ikisi də mötəbər “Praqa baharı” festivalında iştirak etməli oldular. Rostropoviç dörd gün Qalinaya səmimi hisslərini izhar etdikdən sonra onunla evlənir.
Rus müğənnisi Qalina Vişnevskaya bir müddət sonra bu izdivacın tarixçəsindən belə yazacaq: Mən elə bir məhəbbət gözləyirdim ki, opera qəhrəmanlarım kimi, onun naminə ölməyə dəysin. Biz bir-birimizə doğru can atırdıq və heç bir qüvvə bizi tutub saxlaya bilməzdi”. Gah Rostropoviçin, gah da Vişnevskayanın daimi qastrol səfərləri onların uzun müddət bir-birindən ayrı düşməsinə səbəb olurdu. Ev-muzeydə təşkil olunmuş gecədə rejissor Violetta Sedovanın “Bir məhəbbətin tarixçəsi” filmi nümayiş etdirildi. Filmdə Qalina Vişnevskaya deyir: “Əslində, biz bir-birimizi ildə altı aydan çox görmürdük”.
Rostropoviç Vişnevskayanın soyadını dəyişdirmədi, çünki qeydiyyat zamanı idarənin əməkdaşı zarafatla demişdi ki, Rostropoviç soyadı dilə yatmır və yaxşı olardı ki, o da Vişnevski soyadını götürsün. Dünya şöhrətli violonçelçalanla dünya şöhrətli müğənninin bu izdivacından iki qız övladı dünyaya gəldi. Böyük qızın iki oğlu var, fransız biznesmenlə həyat qurmuşdur. Kiçik qız Fransanın Evian şəhərində Beynəlxalq Musiqi Festivalının baş direktoru ilə ailə qurmuşdur, dörd övladı var.
Gecədə rejissor Ziya Şıxlinski ev-muzeyə Rostropoviçlərdən bəhs edən “Bundan əziz torpaq yoxdur” sənədli filminin kassetini hədiyyə etdi. Gecənin iştirakçıları bu iki məşhur şəxsin fotoşəkillərinin, tanınmış musiqiçilərin öz avtoqrafları ilə muzeyə hədiyyə etdikləri kitabların, disklərin, valların və sairənin göstərildiyi ekspozisiya ilə tanış oldular.