İDMAN
BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ ÇİNDƏ 2008-Cİ İL OLİMPİADASININ UĞURLA KEÇƏCƏYİNƏ ƏMİNDİR
Jak Roqq eyni zamanda əmin olduğunu bildirmişdir ki, Asiya qitəsinin idman sahəsində Afina Oyunlarında başlanmış oyanışı Pekində davam edəcəkdir. Asiya idmançıları Avropa və Amerikanın idmanda hökmranlığına son qoymaq üçün uğurlu addımlar atırlar. Jak Roqq ÇXR-in sədri Xu Szintao ilə görüşdüyünü desə də, danışıqların təfərrüatını açıqlamaq istəməmişdir.
BOK prezidenti qeyd etmişdir ki, Olimpiadanın keçirilməsi üçün əməliyyat büdcəsi 1,8 milyard dollardır, bunun 60 faizini BOK ayırır.
İdman obyektlərinin tikintisi və şəhərin yenidən qurulması üçün xərclər bu büdcəyə daxil edilməmişdir. İnvestisiya xərcləri müstəsna olaraq yerli hakimiyyət orqanlarının üzərinə düşür. Jak Roqqun sözlərinə görə, Olimpiada investisiya baxımından şəhərə və ölkəyə sərfəlidir, çünki yeni ümumi infrastruktur - yollar, metro, stadionlar onilliklər boyu şəhər əhalisinə xidmət edəcəkdir. BOK prezidenti demişdir: “Məhz buna görə də Nyu-York, London, Paris, Madrid və Moskva kimi iri şəhərlər 2012-ci ilin Olimpiadasını keçirmək uğrunda mübarizə aparırlar”.
Hazırda Çin paytaxtında Afina Oyunlarının və gələcək Pekin Oyunlarının təşkilat komitələrinin birgə iclası keçirilir. Bu tədbirdə, BOK-da deyildiyi kimi, “bilik və təcrübənin bir təşkilat komitəsindən digərinə ötürülməsi” prosesi gedir. İclasda Afina və Pekinin nümayəndələri ilə yanaşı, 2012-ci ilin Olimpiadasını keçirməyə namizəd ölkələrin nümayəndə heyətləri də iştirak edirlər. 2012-ci il Olimpiadasının keçiriləcəyi şəhərin seçilməsi barədə qərar 2005-ci il iyulun 6-da BOK-un Sinqapurda çağırılacaq sessiyasında qəbul olunacaqdır.