Beynəlxalq qrossmeyster Sərxan Quliyev: İnanırıq ki, əzəli torpaqlarımıza qayıdacağıq
Bakı, 6 oktyabr, AZƏRTAC
Doğma torpaqlarımızı Ermənistanın işğalından azad etmək uğrunda döyüşlərdə uğurlar qazanan Azərbaycan Ordusu ilə qürur duyan xalqımız böyük sevinc içərisindədir. Xalqımız Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün böyük qətiyyət nümayiş etdirən Ali Baş Komandan İlham Əliyevi tam dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə beynəlxalq qrossmeyster Sərxan Quliyev bildirib. O qeyd edib ki, ailəsi 1993-cü ildə Qubadlı rayonunun Mollu kəndindən qaçqın düşüb və indiyədək doğma yurda qovuşmaq həsrəti ilə yaşayır: “İyirmi yeddi il əvvəl avqustun 31-də kəndimiz, eləcə də Qubadlı rayonu düşmən tərəfindən işğal olunub. Valideynlərim və balaca qardaşım kənddən qaçmağa məcbur olublar, böyük qardaşım Mahir isə itkin düşüb. Biz öz torpaqlarımızı çox sevirik və ötən 300 il ərzində orada yaşayan ulu babalarımızın adlarını bilirik.
Ötən illər ərzində dövlət tərəfindən hər bir qayğı ilə əhatə olunmuşuq. Hər gün Allaha dua edirik ki, torpaqlarımıza qayıdaq. Həmin günlər artıq yetişib!
Rəşadətli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbəyə doğru irəliləyir. Təəssüflə qeyd etməliyəm ki, ordumuz da müəyyən itkilər verir. Ermənistan silahlı qüvvələri tərəfindən şəhər və rayonlarımızın atəşə tutulması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananlar var. Əminik ki, Vətən uğrunda canlarından keçən döyüşçülərimizin qəhrəmanlığı hədər getməyəcək. İşğalçılar, nəhayət, yurdumuzdan qovulacaq və əzəli torpaqlarımıza qayıdacağıq.
İnanırıq ki, qələbə bizimlə olacaq!”