Beynəlxalq Şahmat Festivalında 5-ci tura yekun vurulub
Naxçıvan, 5 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının beşinci turunda “A” qrupunda mübarizə aparan və hazırda turnir cədvəlinə liderlik edən qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni ukraynalı qrossmeyster Vitali Bernardskiylə qarşılaşıb. Görüş heç-heçə başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, digər görüşlərdə azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli Hollandiya təmsilçisi Serqey Tviyakovla, qrossmeyster Nicat Məmmədov İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyevlə, israilli qrossmeyster İlya Smirin almaniyalı qrossmeyster İqor Xenkinlə, qrossmeyster Qədir Hüseynov iranlı beynəlxalq usta Əlirza Firuzca ilə xallarını yarı bölüblər. Qrossmeyster Fərid Abbasov isə ukraynalı qrossmeyster Anton Korobova məğlub olub.
Hazırda turnir cədvəlinə 4 xalla qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni başçılıq edir. Onu üç xal yarımla 13 zəka sahibi izləyir.
Beynəlxalq Şahmat Festivalının “B” qrupunda Samir Davidov Şahin Hüseynov üzərində qələbə qazanmaqla xallarının sayını 5-ə çatdırıb. Təbriz İdrisov iranlı həmkarı Cəfər Xamisi ilə, Rasim Əliyev isə Elvin Bayramovla xallarını yarı bölüb. Fariz Əhmədov Eldar Musayev üzərində qələbə qazanıb.
Beləliklə, bu qrupda liderliyə yüksələn Samir Davidovu dörd xal yarımla iki şahmatçı izləyir.
“C” qrupunun liderləri olan Firəngiz Tarverdiyeva Niyazi Qafarovla xallarını yarı bölüb. Digər oyunlarda Zahid Allahverdiyev Xumar Məhərrəmovadan, Leyla Quliyeva isə Əhmədağa Həşimovdan üstün olublar. Əli Züqanovun Ömər Qədirli üzərində qələbə qazanaraq xallarının sayını 5-ə çatdırması onu qrup liderliyinə yüksəldib. Turnir cədvəlində onu dörd xal yarımla beş şahmatçı izləyir.