Beynəlxalq uşaq festivalı ilə əlaqədar onlayn görüşlər keçirilib
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 22-23-də Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 aprel - Beynəlxalq uşaq festivalı ilə əlaqədar onlayn görüşlər təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Türkiyənin Ankara, Bodrum, Fethiye şəhərlərindən Özəl Alp kollecinin, Hüseyin Turgut Karabağlı və Özel Fethiye Hatem məktəblərinin şagirdləri, həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. Görüşdə Azərbaycan-Türkiyə dostluğundan bəhs olunub, uşaqların ifasında mahnılar ifa edilib, şeirlər səsləndirilib.
Sonda uşaqlar festival barədə xoş xatirələrini bölüşüblər.
Xatırladaq ki, hər il 23 aprel-Beynəlxalq uşaq festivalında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri ölkəmizi layiqincə təmsil ediblər. Pandemiya şəraiti ilə əlaqədar olaraq artıq ikinci ildir ki, sözügedən festival təxirə salınıb.