Beynəlxalq Valyuta Fondu KƏŞ ölkələrini ticarət və maliyyə inteqrasiyasını dərinləşdirməyə çağırır
Qahirə, 3 oktyabr, AZƏRTAC
Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri ticarət və maliyyə inteqrasiyasını dərinləşdirməli, həmçinin enerji sahəsindəki strateji üstünlüklərindən istifadə edərək süni intellekt sahəsində keyfiyyətli inkişafa nail olmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva Küveytdə keçirilən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin maliyyə və iqtisadiyyat nazirləri, həmçinin mərkəzi bank rəhbərləri ilə birgə illik görüşü çərçivəsində “Bloomberg-Şərq” agentliyinin müxbirinə müsahibəsində deyib.
K.Georgiyeva KƏŞ ölkələri arasında ticarət əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb, ticarət həcminin artırılmasını, eyni zamanda, ticarət danışıqlarında birgə mövqedən çıxış edilməsini yalnız öz aralarında deyil, həm də xarici tərəfdaşlarla (xüsusən Afrika ilə) ticarət inteqrasiyasını genişləndirməyi təklif edib. KƏŞ ölkələrinin xarici birbaşa investisiyaların cəlb edilməsi üçün güclü mühit yaratdıqlarını qeyd edən icraçı direktor bunun yetərli olmadığını, daha çox irəliləyiş əldə etmək üçün bütün KƏŞ ölkələrində kapital bazarlarının daha çox inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.
Georgiyeva KƏŞ ölkələrinin enerji sahəsindəki "strateji üstünlüklərini” süni intellektin inkişafı üçün də istifadə etməyə çağırıb. Qeyd edib ki, süni intellektin inkişafı nəhəng enerji istehlakına ehtiyacı olan data mərkəzlərinin varlığını tələb edir. Belə ki, gələcəkdə süni intellektin enerji istehlakının ABŞ-ın ümumi enerji istehlakının yarısına çatacağı gözlənilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə