Bəzi bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb
Bakı, 7 aprel, AZƏRTAC
Ötən ay Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən martın 6-sı tarixli müraciətlə daxil olmuş “Lipotrim kaps N36” (seriyası: 555017, yararlıq müddəti 2023-cü il martın 1-dək) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti 2025-ci il fevralın 1-dək) nümunələrinin ekspertizası aparılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməmiş, ölkəmizdə qüvvədə olan 2016-cı il 18 mart tarixli Qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”nda göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub.
Qeyd edək ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün Analitik Ekspertiza Mərkəzinə müraciət olunmayıb.
Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkiyə malik olanların kompleks müalicəsində istifadə olunur. Avropa İttifaqı ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb.
Həmçinin ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) istehsalçılardan istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb edib. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil olunub.