Biçin mövsümündə taxıl sahələrinin yanğından mühafizəsi üçün operativ qərargahlar fəaliyyət göstərir
Bakı, 10 iyul, AZƏRTAC
Ölkə ərazisində məhsul yığımı davam etdiyi bir vaxtda biçilən taxıl sahələrinin yanğından mühafizəsi istiqamətində hansı qabaqlayıcı tədbirlər görülür və ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə vəziyyət necədir?
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlikdə hazırlanmış Tədbirlər Planının icrası ilə bağlı Mərkəzi Qərargah, Dövlət Aqrar İnkişaf mərkəzlərində isə Operativ qərargahlar yaradılıb. Tədbirlər Planında “Əkin sahələrinin yanğından mühafizə edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması və təkrar əkinlər üçün istifadə olunmasının təşviq edilməsi” ilə bağlı ayrıca bənd də öz əksini tapıb.
Həmçinin bildirilib ki, müvafiq qurumlarla birlikdə biçin mövsümündə ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə 2026-cı ilin aprel-iyun aylarında respublikanın müxtəlif bölgələrində geniş maarifləndirici tədbirlər həyata keçirilib. Eyni zamanda, baş verə biləcək yanğın hadisələrinə qarşı sistemli mübarizə məqsədilə 2026-2030-cu illər üçün Fəaliyyət Planı hazırlanıb.
Görülən kompleks və qabaqlayıcı işlərin ilkin müsbət nəticələri artıq özünü göstərir. Belə ki, bu il biçindənsonrakı dövrdə taxıl sahələrində qeydə alınan yanğın hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Müxbir – Aytac Haqverdiyeva