Bilal Qassam: Bakıda olduğum müddətdə şəhərin xüsusi enerjisini hiss etdim
Bakı, 8 dekabr, Günel Alıyeva, İlkin Cavanşirov, AZƏRTAC
Bakıda keçirdiyim qısa müddət ərzində şəhərin qədim sivilizasiyaların izlərini qoruyub saxlayan zəngin irsi, çoxəsrlik tarixi və mədəni müxtəlifliyi ilə formalaşmış xüsusi enerjisini dərhal hiss etdim. Əsrlər boyu Azərbaycan müxtəlif mədəni təsirlərini özündə məharətlə birləşdirərək, onları nadir harmoniyaya çevirib. Xüsusilə ilhamverici məqam odur ki, bu gün həmin müxtəliflik müasir yaradıcı yanaşma ilə birləşir, yerli dəyərlər isə qlobal baxışla sintez olunur.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində “Muslim Agency”nin təsisçi direktoru Bilal Qassam danışıb.
Bakıda keçirilən festivaldan söz açan B.Qassam onun fərqləndirici xüsusiyyətinin geniş və həqiqi inklüziv əməkdaşlıq platforması yaratmaq olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, gənc yaradıcılar, incəsənət ustaları və cəmiyyətin müxtəlif təbəqələri bir araya gəlir. Bu da mədəniyyətin həm milli kimliyin gücləndirilməsi, həm də beynəlxalq dialoqun inkişafı üçün necə strateji əhəmiyyət daşıdığını açıq göstərir. Müsahibin fikrincə, ideyaların bu səviyyədə mübadiləsi və yaradıcı sinergiya heç də hər tədbirdə müşahidə olunmur.
“İƏT (İslam Əməkdaşlıq Təşkilatı) mədəniyyət festivalında iştirak etmək mənim üçün böyük şərəfdir. Mən bu tədbiri yalnız əldə edilmiş nailiyyətlərin nümayişi üçün platforma kimi deyil, həm də daha genişmiqyaslı mədəni təşəbbüslərə, yeni tərəfdaşlıqlara və gələcək yaradıcı əməkdaşlıqlara yol açacaq ümidverici başlanğıc kimi qəbul edirəm. Əminəm ki, bu dinamik yaradıcı mühit yaxın illərdə daha böyük layihələrə çevriləcək”, – deyə Bilal Qassam vurğulayıb.